Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Apple vs. Blackberry

Son vaxtlar yazmağa nəsə həvəs yoxdur. Soyuqların düşməsi qanımı dondurub, yaman aqressivləşmişəm. =)

O səbəbdən, çox yazmayacam — gəlin nəhənglərin döyüşünü izləyək: Apple vs. Blackberry. Əslində Blackberry-yə nəhəng deməyə dilim gəlmir, bu şirkət konkret Nokia-nın yolunu tutub — gözümüz önündə əriyir. 2011-ci il üçün son maliyyə hesabatlarına görə 2010-cu ildə sahib olduğu bazarın 50% (!) itirməyə “nail olub”. Heç başı batmış Nokia da belə antirekord etməmişdi, əhsən BB!

Bizim millətin BB sevgisini nəzərə alsaq, vəziyyət əlbətki, acınacaqlıdır. =) Yeri gəlmişkən, digər açıqlamalara görə Azərbaycanda satılan hər 50 BB-dən cəmi birində BİS aktiv edilir. Digər hallarda BB “risovkalıq” üçün İnternetsiz kərpic rolunu oynayır. Nəsə, keçim mətləbə.

İlk olaraq Apple (rəsmilik təstiqlənməyib) sadə və möhtəşəm çarxla çıxış etdi:

Daha sonra Blackberry rəsmi olaraq buna cavab verdi:

Növbə Apple-da idi və cavab gəldi:

Mənim fikrim isə — qapalı və N qədər səhvləri özündə cəmləşdirən təkəbbürlü Blackberry-nin 1000 dənəsi belə kiçik detalına kimi düşünülmüş bir iPhone-a dəyməz.

Blackberry erası bitdi. Əlvida!

Mövzuya dair forumda müzakirələr ↓
Apple vs. Blackberry

Əfsanənin sonu…

Stiv Jobs bu gün vəfat etdi. Ola bilsin ortastatistik Nokia və Windows sevər istifadəçiyə bu ad heçnə demir, amma bir çoxları üçün bu insan və onun keçdiyi həyat yolu əsl məktəbdir.

Texnoloji titan, əfsanə, kreator və gözəl marketoloq Stiv getdi. Stiv həm də milyarder idi. Milyarderləri adət üzrə heç kim sevmir, səbəbi də ya adi cılız paxıllıq, ya da milyarderin milyardlara yiyələnmə metodudur. Amma bu gün dünyada total Stiv məhəbbətinin şahidi oluruq. Dünya liderləri, sadə insanlar, qlobal informasiya agentlikləri, TV və radiolar həmrək olub bu sadə və zəhmətkeş insanı yad etdi. Niyə? Çünki bu insan hər şeyə öz zəhməti sayəsində yiyələnib. Bizim neft pullarımız sayəsində şişib sinəsinə döyənlərə örnək olsun.

Stiv mənim də həyatımda böyük rol oynayıb. Adını çox eşitdiyim və həsrətində olduğum Macintosh kompüterini ilk dəfə 2000-ci ildə CBS poliqrafiya şirkətində gördüm. Çox qeyri-adi, fantastik və individual bir kompüter idi. Mac OS-lə o vaxtdan tanışlığım başladı. O vaxtlar Stiv Apple-a yenicə qayıtmışdı, şirkətin işləri elə də yaxşı getmirdi. Update-lər gec-gec çıxırdı, Mac-lar bir növ funksionallıqda Windows-a uduzurdu + bizim millətin Corel Draw sevərliyi Mac-dan istifadəni çətinləşdirirdi. Daha sonra İnternet erası başladı. Bu eranın ilk günlərində öndə gedən Macromedia şirkəti (sonda Abode tərəfindən uduldu) demək olar ki, bütün proqramlarını Windows platforması üçün nəzərdə tuturdu. Elə bu səbəbdən də, 2003-ci ildə Mac-dan tam ayrıldım, Windows-a keçdim… ta 2006-cı ildə yenidən iMac-ı görənə kimi. Gördüm — yenidən vuruldum. 2006-cı ildən etibarən Mac OS X istifadəçisi oldum. Bu il isə təmamilə Mac-a keçdim.

Stiv getdi. Amma ümid edirəm Apple erası hələ davam edəcək. Çünki zaman göstərdi ki, heç bir şirkət Apple qədər istifadəçilərə dəyər verib həyatımızı asanlaşdıra biləcək qədər sadə və orijinal məhsullar təqdim etmir.

Sonda əfsanəvi Stivin əfsanəvi çıxışını təqdim edirəm. Mütləq izləyin:

Mövzuya dair forumda müzakirələr ↓
Steve Jobs – “Apple”in qəhrəmanı vəfat etdi!

Titanlar. Microsoft və Apple

Görünən — 2 amansız rəqib. Əslində isə bu belə deyil. Arqumentlər çoxdur. Microsoft Apple-in əsas sərmayədarı kimi çıxış edir və yaxud adət üzrə Microsoft-un Apple platforması üçün düzəltdiyi proqramlar öz şəxsi Windows platforması üçün yaradılan analoqlarından ən azından bir addım irəlidə olur və bu kimi onlarla digər arqumetlər…

Bu günlərdə CBS kanalının “Titanlar” verilişinin baş qəhramanı əfsanəvi Stive Jobs oldu. Maraqlı həyat tarixçəsi var. Aşağıdakı videoda verilişi tam izləyə bilərsiniz. Amma ondan əvvəl isə Bill Gates-in ən son müsahibəsinə baxın — canlı titanlar nə düşünüb, nə danışırlar.

Titanlar. Stive Jobs.

Desertə — rusların iPhone absurdu. Mütləq baxın.

Mövzuya dair forumda müzakirələr ↓
Titanlar. Microsoft və Apple

Mac OS X Lion. Deyəsən Apple-in sonu çatıb

Mac OS X Lion. Apple bu əməliyyat sistemini nə qədər pafosla “dünyanın ən yaxşı əməliyyat sistemi” kimi təqdim etdisə, faktiki sistem bir o qədər də çiy alındı. Şəxsən mənim qarşıma hələ bu qədər çiy və həddən artıq primitiv bir sistem çıxmamışdı. Yadımdadır, Microsoft-un cavanlıq səhvi Windows Me deyilən bir qeyri stabil sistem də var idi, o da çiy idi, amma Lion onun rekordunu konkret qıra bildi! Stabillik cəhənnəm, guya kişinin uşaqları yenilik ediblər — əvvəlki əməliyyat sisteminə xas və “by default” aktiv olmayan trackpad üçün xüsusiyyətləri indi default aktiv edib, yerlərini dəyişib yeni funksiya adı ilə camaata sırıyırlar. Özü də yer dəyişməni o qədər məntiqsiz ediblər ki, bütün İnternet artıq bu “yenilikdən” gileylənir. Təsəvvür edin — skrolu aşağı edirsən, səhifə yuxarı qalxır. =) Apple mühəndislərinin fikrincə, guya bu funksiya vasitəsilə səhifə barmaqların inersiyasından əks istiqamətdə hərəkət edir, realda isə bu istifadəçinin əsəbi ilə oynamaqdan başqa bir şey deyil.

Lionun çiy olması tək bununla bitmir, çoxsaylı baqlar, çatışmamazlıqlar, iki dəqiqədən bir tutulmalar insanı məyus edir. Axı biz Apple-dan hər zaman ən azından ideala yaxın bir məhsul gözləmişik və almışıq da. Çox güman ki, bu məhsulun hazırlanmasında məlum səbəblərdən Stiv özü iştirak edə bilməyib — etsəydi, əminəm ki, bu biabırçılığı bazara çıxarmağa qoymazdı.

Lion-un müstəqil bir əməliyyat sistemi olmamasına dair digər sübut — final relizi heç bir halda sıfırdan MAC-a qurmaq olmaz. Mütləq gərək əvvəlki ƏS Snow Panther olmalıdır, özü də 10.6.8-ci versiyada (!). Digər hallarda bu qəti şəkildə mümkün deyil — İnternetdə “clear install” məsələsinə dair müxtəlif üsulları tapıb təcrübədən keçirdim, alınmadı. Final reliz faktiki Snow Panther üçün interfeys tuninqidir, çox yox. Ən gülməlisi isə Apple-in App Store-da sistemə dair neqativ rəylərin qəbul etməyib pozmasıdır. Əhsən, Apple, 30$ al ki, yeni sistem verəcəm, əvəzində Windows sayağı Theme pack ver bizə. =)

Windows demişkən, deyəsən Apple Mac-ı kütləviləşdirmək üçün onu Windows-a bənzətmək qərarı verib. Lion-da Windows-laşma ilk olaraq yeni login səhifəsindən hiss edilir. Daha sonra Start menunun yeni alternativi Lauchpad, hələ monoxrom interfeysi demirəm.

Ümumiyyətlə Mac sistemini Windows-a tay tutanları heç vaxt anlamamışam. Mac Windowsa nisbətdə Unix üçün primitiv bir üzlükdür, bunu unutmaq olmaz. Bizə isə Windows 8-i gözləmək qalır, deyəsən Apple artıq büdrədi.

PS. İndi geriyə, Snow Panther-ə qayıtma yollarını axtarıram. =)

Mövzuya dair forumda müzakirələr ↓
Mac OS X Lion. Deyəsən Apple-in sonu çatıb

iPad 2. Planşetlər şahi yeniləndi

Bu il üçün gözlədiyim ən böyük texnoloji yenilik əlbətdə ki, Apple iPad2 idi. Planşetlər şahı yeniləndi. Yeniliklər çox olmasa da, kiçik görünən əlavələr bu qadjeti daha da qiymətsiz edir.

Yeni iPad2 texniki göstəriciləri aşağıdakı kimidir:

Processor: Apple A5, 2 nüvəli 1 GHz;
Displey: 9.7 düymlüq ekran, 1024×768;
Əməliyyat sistemi: iOS 4.3;
Fleş-yaddaş: 16, 32 və ya 64 GB;
Kamera: 2 ədəd — əsas — HD kamera (720p), digər sadə VGA kamera;
Əlaqə: Wi-Fi,  Bluetooth, 3G;
Çıxışlar: Apple Dock, HDMI, CCK
Ölçüləri: 242x186x8,8 mm;
Çəkisi: 601 qram (yalnız Wi-Fi-lı model) və 613 qram (Wi-Fi və 3G-li model).

iPad2 daha nazik, daha praktik (Smart Cover-i elə nəyə desən dəyər) və daha  tez işləyən (istehsalçının etirafına görə düz 9 dəfə birinci iPad-dan tez işləyir) bir qadjetdir. Daha bir yenilik — qadjetin Stand-by rejimində düz 1 ay (!) işləyə bilməsidir. Super!

Qiymətləri də kifayyət qədər konservativdir:

Wi-Fi — 499$ (16GB) — 599$ (32GB)  — 699$ (64GB)
Wi-Fi + 3G — 629$ (16GB) — 729$ (32GB) — 829$ (64 GB)

Mənə görə ən optimalı 32 GB-lik Wi-Fi + 3G modelidir, onun qiyməti da bizim analoqu olmayan acgözlüyimizi nəzərə alsaq, Bakıda çox güman ki, 1200-1400 manat arası olacaq. iPad 11 martdan (nə qədər banal olsa da) etibarən satışda olacaq.

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

MWC 2011. Yeniliklər. Çarxlar

Barselonada keçirilən texnologiya bayramı — MWC 2011 də belə getdi. Çox saylı yeniliklərin şahidi olduq — Nokia ilə Microsoft evləndi, PlayStation-ın telefonlara keçidinin şahidi olduq, Samsung Galaxy, HTC isə Desire layihərərinin təkamülü olan yeni telefon və planşetləri təqdim etdi və daha nələr. Bu xəbərlər barəsində o qədər fikirlər bildirilib ki, təkrarçılığa yol verməyib bu yenilikləri tanıtım çarxları ilə bölüşürəm.

Sony Ericsson XPERIA Play
Ən maraqlı yeniliklərdən olan XPERIA Play, Sony PlayStation-ın mobil telefonlara adaptasiya edilmiş formasıdır. Kiçik çarx vasitəsilə bu qadjetin gözəlliyi tam anlatılır. Əla çarxdır.

********************************************************

LG Optimus Pad
Apple iPad-ın uğuru heç kimə sakit oturmağa imkan vermir. Motorola və Samsung-la yanaşı bu yarışmaya LG də qoşuldu. LG-nin təqdim etdiyi Optimus Pad adlı planşet də Samsung və Motorola planşetləri kimi Android platformasında işləyir. Amma rəqiblərindən yeganə üstünlüyü onun 3D rejimində çəkiliş apara bilməsindədir. Çarx hardasa SONY-nin məhşur Bravia Monolith televizorlarını təbliğ edən çarxı təkrarlayır.

********************************************************

Samsung Galaxy Ace, Fit, Gio və Mini
Samsung isə dayanmadan Android platformalı smartfonları ştampovkalamaqda davam edir. Galaxy seriyasından olan yeniliklərə həsr olunmuş çarx.

********************************************************

HTC ChaCha
Facebook üçün ayrıca telefon?! HTC bunu etdi. ChaCha adlanan bu telefon həm xarici görünüşcə, həm də funksianıllığına görə unikaldır (daha doğrusu mırtdır).

********************************************************

HTC Incredible S
HTC-nin Flaqman telefonu. Açıqlanan üstünlükləri — 4 düymluq Super-Amoled tipli displey və idarə etmə düymələrinin telefonun səmtindən asılı olaraq dəyişməsidir. Digər üstünlüklər hələ açıqlanmır.

********************************************************

HTC Flyer

Və sonda… HTC-nin iPad arzusu — Flayer. Burada da texniki göstəricilər tam açıqlanmır. Sadəcə o məlumdur ki, qadjetin displeyi 7 düym, işlək pressesoru isə 1.5 GHZ (!)-dir.

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

İstirahət edək. Ən möhtəşəm reklam çarxları (№4) ↓

Hüsnünün inadkarlığı hərkəsi əldən saldı. Həftə sonudur, istirahət vaxtıdır. Ən yaxşı (yeni) Youtube çarxları ilə bölüşürəm.

Bu oyun çarxını (Guitar Hero 5) son ayların ən mırt çarxı kimi seçirəm. Düzdür biraz 18+ mövzuludu, amma ölmüşəm gülməkdən, mütləq baxın.

***

AXE çarxları hər zaman kreativliyi ilə seçilir. Bu dəfə də növbəti əsər yaradıblar.

***

Məhşur VolksWagen “juk” qayıdır. Əla çarx.

***

Apple yenə irəlidədir. Möhtəşəm çarx.

***

və sonda… Ruslardan gözəl və düşündürücü bir çarx… Siqaret çəkmək barəsində.

Hələlik bəsdir. Xoş istirahətlər. 😉

Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar

Hava. Steve Jobs. Tunis və biraz pozitiv

Çoxdan idi bloqda bir şey yazmırdım. Səbəbi havadır. İsti və eyni tipli dəyişməz hava bütün əsəblərimə işləyirdi. Amma bu gün gecikmiş də olsa, qış özünü göstərməyə başladı. Düzdür, qar yağmaq istədi — alınmadı, amma yenə də nəsə havada dəyişiklik hiss etdik. Sizi bilmirəm, amma hava mənim əhval-ruhiyyəmə əməlli başlı təsir edirmiş. Soyuqların gəlişi ilə pozitiv enerji yığıb, yenidən bloqu aktivləşdirəcəm. İnşallah 1-2 günə qar da yağsa, olacaq “fullun fullu”. Ayağımızın altındaki qarın xışıltısı üçün yaman darıxmışam.

Hava bu gün yaxşı olsa da, Euronews telekanalının xəbəri məni birazca məyus etdi. Əfsanəvi Steve Jobs Apple-dan müddətsiz xəstəlik məzuniyyəti götürərək gedib. Səbəb — Stivin kəskin xərçəng xəstəliyindən əziyyət çəkməsidir. Hətta bir neçə il öncəki Stivlə indiki Stiv arasında fərqi də göstərdilər — canlı əfsanə gözlə seziləcək dərəcədə əldən düşüb. Bununla da hesab edirəm ki, Apple tədricən zəifləyəcək. Əlbət ki, Apple korporasiyası bunu inkar edəcək, hətta əsaslar da gətirəcək ki, gəlirləri artıb və daha nələr… amma Microsoft-un timsalında baş verən hadisələr göstərir ki, şirkətin banisi, ona can yandıran lider getdikdən sonra şirkətin işləri elə də yaxşı getmir. Bill Gates Microsoft-dan getdikdən sonra şirkət bütün sferalarda öz pozisiyasın itirməkdədir. Eyni hadisə bir dəfə Apple-ın başına gəlib, Steve-in bu sayca ikinci gedişidir. Birinci gedişdən də sonra özünə arxalanan Apple çökməyə başladı və məhv Steve-in qayıdışından sonra şirkətə yeni nəfəs gəldi və yeni zirvələri fəth etdi. İndi Steve yenə gedir. Görünür bu dəfə o həmişəlik gedir. Əlvida Steve. Sən bizi tanımasan da, biz sənin işgüzarlığına, zəhmətə olan sevginə hər zaman yaxşı mənada həsəd aparmışıq. Allah köməyin olsun.

Deyirəm, bu Tunis hadisələrindən yazmayan adam qalmayıb. Artıq bütün sözlər deyilib, yazmağa bir şey yoxdur. Bəli, razıyam, diktator layiqli şəkildə ölkədən qovuldu. Bəli, razıyam, bunu xalq etdi. Amma kütlənin hərəkətə keçməsi üçün düşünülmüş şəkildə ssenari lazımdır. Çünki 20 ilin diktatorunun 3 gün ərzində ölkəni tərk etməyə məcbur edilməsi çox asan baş verdi. Maraqlıdır, ABŞ-ın bu hadisələrdə nə kimi aidiyyatı var? Yoxsa ABŞ narıncı inqilab idxalçıları “stavkanı” ediblər ərəb mənşəlli Afrika dövlətlərinə? Mütləq burada qərb dövlətlərinin əli olmalıdır. Niyə belə fikirləşirəm?! Bunun üçün elə eyni materikdə yerləşən digər ərəb dövləti Sudanın başına gətirilən hadisələrdir. Bu barədə növbəti yazılarımın birində yazacam, indi isə söz verdiyim pozitiv — şəhərin mərkəzində, Space telekanalının düz yanında (səhv etmirəmsə tədris müəssisəsinin adı “İncəsənət kolleci”-dir)  “analoqu olmayan” lövhəcik. Şəkildə abırlı düşüb, amma realda 2-ci sinif şagirdinin əl işindən başqa bir şey deyil.

Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

CES 2011. Yeni ilin möhtəşəm texnoloji yenilikləri

Yeni 2011-ci il gəlməyə macal tapmamış, məşhur Las-Veqasda Consumer Electronics Show 2011 fəaliyyətə başladı. Texnologiya bayramı olan bu tədbirdə bütün texnoloji nəhənglər öz yeniliklərini təqdim edirlər. Xoşuma gələn ən maraqlı təqdimatlarla bölüşürəm.

Samsung Apple əfsanəsi MacBook Air üçün rəqib yaratdı. Samsung 9 adlandırılan bu noutbuk görkəminə görə heç də Apple əsərindən geri qalmır.
Parametrləri:
Prosessor — Core i5 2537M
Yaddaş 4 GB RAM
HDD (SDD) — 128 GB
USB, HDMI
Qiyməti isə 1600 USD-dən çox olmayacaq. Bizdə ən azı 1800 AZN olacaq, çox güman.

***************************************************************************************

SonyEricsson gözəllikdə bəlkədə indiyə kimi buraxılan bütün telefonları kölgədə qoyacaq yeni XPERIA ARC modelini təqdim etdi. Android 2.3 platformasında işləyəcək bu smartfon SONY-nin məhşur BRAVIA televizorlarında istifadə olunan texnologiyaları özündə birləşdirir.

***************************************************************************************

Və fikrimcə sərginin ən maraqlı təqdimatı Android 3 (!) platformasında çalışacaq Motorola-dan fantastik planşetdir. Motorola XOOM. Bu da Apple iPad-ın sonu. Cavab olaraq Apple-dan iPad-ın 2-ci versiyasını gözləyirik.
Parametrləri:
Prosessor — NVIDIA Tegra 2 1GHZ (!)
Yaddaş 1 GB RAM
HDD (SDD) — 32 GB
FullHD, microSD
5 meqa pikselli kamera.

Qiyməti hələ məlum deyil. Məlum olsa da, biz bu qadjeti yalnız eBay-dan sifariş edə biləciyik. Çünki Motorola-nın Azərbaycandakı rəsmi distrubutoru NLT hələ də eləbilir ki, Motorola yalnız Razr telefonlardan ibarətdir…

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Planşetlərin təkamülü. Növbədə — Motorola!

Motorola maraqlı bir reklam çarxı ilə çıxış edib. Yeni planşetini anons edir. Ən maraqlısı isə çarxda yer alan planşetlər arasında Motorola üçün rəqib hesab ediləcək devayslar da var.

Belə ki, çarxda həm iPad, həm də Samsung-un məşhur Galaxy Tab-ı da yer alır. iPad-ı böyük iPhone, Galaxy Tab-ı isə Android, amma mobil telefonlar üçün nəzərdə tutulan Android adlandıran Motorola daha uzağa gedir, Musa peyğəmbərin moizə, qədim Misir və Maya sivilizasiyalarına da “daş” atır.

Digər maraqlı cəhət — çarxda Motorola planşetinin görüntüləri yer almır. Yalnız arı uçur, o da yəqin Androidin yeni versiyasına işarədir. Şərti adı Honeycomb (Arı şanı). Əvvəllər deyirdilər ki, bu Androidin 3-cü versiyası olacaq, amma indi də deyirlər ki, bu versiyanın nömrəsi 2.4 -dir. Kimə inanaq? Zaman göstərəcək. Motorolanın Azərbaycanda rəsmi distrubutoru NLT-nın görəsən bu yenilikdən xəbəri var? Çətin…

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom