Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

İşıqsız. Qazsız. Susuz. 3D. Həyatımdan bir gün

Keçən yazılarımda da qeyd etdiyim kimi, bir həftəyə yaxın davam edən su qıtlığından sonra, indi də Yasamalı işıq, qaz problemi öz cənginə alıb. Dünən demək olar ki, bütün Yasamalda qaz gəlməyib, gündüz saatlarında isə işıq olmayıb. Analoqu olmayan qaz idarəsinə zəng vurmaq ümumiyyətlə mənasız bir şeydir, işıq idarəsindən isə adət üzrə bildirildi ki, “avariya” var.

Nəsə. Gündəlik velo-gəzintimdən sonra duş qəbul etmək istədim… hm, qaz yoxdur… biraz əsəbləşib işlərimin dalınca getmək istəyirdim ki, işıqlar söndü… bizdə də qarajın qapısı işıqla açılır. Deməli bu gün maşınsız olacam. Bütün planlarım alt üst oldu. Bütün görüşləri ləğv edib, evdə işləmək qərarı verdim. Günortaya kimi evdə işlədim, sonra bezib, qərar verdim taksi ilə hərəkət edim. Elə taksi tutmuşdum ki, qarovulçu telefonla xoş xəbəri çatdırdı — gözün aydın, işıq yandı. Sanki 20-ci ərsin ilk illərini yaşayan bir insan kimi işığın yanmasına uşaq kimi sevinib, qaraja sarı qaçdım…

Nəhayət, bu gün 3D filmə baxdım. Əla. Xoşuma gəldi. Metronun önündə 2 manata satılan “deşevka” 3D eynəklərdən fərqli olaraq bizim kinoteatr Azərbaycandakı eynəklər bahalı (özlərinin dediyinə görə 80 Euro) və keyfiyyətlidir. Özü də Dolby Stereo texnologiyasının dəstəyi ilə (məgər bu səs standartı deyil?!). Filmə baxdıqda gözlər demək olar ki, ağrımır. Düzdü 2-3 saatdan sonra görməyimdə nəsə ikiləmə + gərginlik hiss edirəm, amma dəyər. Yeri gəlmişkən, siftəm Meqakəllə (Megamind) filmi oldu. Xeyirlisi, İnşallah.

Evə gəlib çıxmışam… İTV-dən deputatlığa namizədlər yenə Alfa-Sentavrdan, Aldebarandan dəm vurub, fantastik vədlər verirlər… Adamı lap gic gülmək tutur. Açığı mən heç bilmirəm Yasamal seçki dairəsindən deputat kimdir, amma bir faktı bilirəm ki, bu qədər problemi olan bir rayonun namizədləri qeybi hadisələr və özlərinə aidiyyatı olmayan işlərdən yox, aktual problemlərdən dəm vurub, həll yollarını axtarsalar lap yaxşı olar.

PS. Bu arada Landmark-da da bu gün işıq sönüb. Qarajdan maşınları çıxara bilmirdik.

Mövzuya dair forumda müzakirələr ↓
Həyatınızdan bir gün!

Kosmopolit yoxsa milliyətçi?! Erməni təbliğatı

İntellektual gənclərimiz hal-hazırda seçim qarşısındadır — ya kosmopolit olub, hər şeyə göz yummaq, ya da milliyyətçi olub vətənpərvər rolunu oynamaq. Passiv və biganə gənclər də var — onlar Üzeyir və Röya həvəskarlarıdır ki, yaltaqlığı əsas həyat kredoları kimi seçiblər — onları “intellektuallar” kateqoriyasına aid etmirəm.

Müharibə şəraitində yaşayan Azərbaycan üçün biz kim olmalıyıq? Gəlin bu suala birgə cavab tapaq (qısa təhlillə).

Kosmopolitlər. Kosmopolit — hər şeyə insanlıq, haqq prizmasından baxan insanlara deyilir. Kosmopolitlər insanlığı vətən, milliyyət, dindən üstün tuturlar. İlk kosmopolit adət üzrə yunan filosofu Dioqen hesab edilir. Dioqen də bildiyimiz kimi ifrat pofiqizmdən əziyyət çəkirmiş. Belə olan halda bizə kosmopolitlik yaraşır?

Gəlin elə ondan başlayaq ki, biz Azərbaycanlılar (türklər) özü-özlüyümüzdə çox kosmopolit bir millətik. Digər millətlərə qarşı çox tolerant və səbrliyik, buna görə də tarix boyu əziyyət çəkmişik. Müasir qloballaşan dövrümüzdə əslində kosmopolitizm yaxşı xüsusiyyətdir, amma baxır nə (kim) ilə müqayisədə. Məsələn, əgər bizim düşmənimiz qatı milliyyətçidirsə (necə ki, aşağıda göstərilən videoda bu öz əksini tapır), onda bizə kosmopolitlik yaraşmaz. Biz bundan yalnız ziyan çəkə bilərik — ya Dioqen kimi pofiqist olmalıyıq, ya da ki vətənə tüpürüb buradan getməliyik.

Milliyyətçilər. Milliyyətçi kosmopolitdən fərqli olaraq öz millətini hər şeydən üstün tutur. Millətçiləri əslində bir neçə növə bölmək olar — sadəcə vətənpərvərlər, radikal milliyyətçilər, neomilliyyətçilər və s. Milliyyətçiliyin ən iyrənc forması — şovinizmdir.

Azərbaycanda fikrimcə 2 növ milliyyətçilik var. Birinci növə aidiyyatı olanlar kimlərinsə təsir dairəsinə düşüb bambılızmdən əziyyət çəkənlərdir. Adət üzrə savadsız olan bu insanlar əslində “türkçülüyün” təbliğini əməldə deyil, yalnız sözdə, populist çıxış və yazılarda ifadə edirlər. Özü də mənasız və iyrənc formada. Bu tip təbliğat da əks təsir verir, kütlə türkçülük, milliyyətçilik ideyalarından iyrənir.

İkinci növ milliyyətçilərimiz isə sırf vətən, millət üçün çalışanlardır. Bunlar əsl vətənpərvərlərdir və adətən populist çağırışlardan uzaq olur, öz vətənpərvərliklərini əməldə sübut edirlər. Vətənpərvərlərin özünü də 2 yerə bölərdim — 1-ci tipə aid olan şəxslər öz missiyalarına qlobalcasına yanaşır — əsas ideologiyaları kimi Qarabağı, türkcülüyü, millətçiliyi seçirlər, 2-ci tip isə əsasən ölkə daxili sosial, siyasi haqsızlıqlara qarşı mübarizə aparırlar.

Bu qısa təhlildən belə nəticə çıxarmaq olar ki, hal-hazırki dönəmdə bizə əsasən sağlam təfəkkürlü əsl milliyyətçi gənclər lazımdır. 

Nəsə. Gəlin erməni təbliğat maşınının Avropa üçün hazırladığı bir video rolikə tamaşa edək.

Onu da qeyd edim ki, ermənilər burada bizi (özlərindən fərqli olaraq) sivil olmayan qiyafədə təqdim etməyə çalışsalar da, Azərbaycanlıların xroniki kosmopolitizmi qalib gəlib. Nəzərə alsaq ki, film Avropa üçün nəzərdə tutulub, onda elə belə yaxşıdı. Qoy bizi kosmopolit hesab etsinlər, amma qəlbən milliyyətçi olmağı unutmayaq.

Mövzuya dair forumda müzakirələr ↓
Növbəti Erməni təbliğatı (Video)

ANS-in dəyərsiz “Dəyərlər”-i. Resenziya

ANS Liderin çörəyini aldıqdan sonra, indi də deyəsən ATV-nin bazarına göz dikib. Bu yaxınlara işıq üzü görən “Dəyərlər” adlı proqram bunu deməyə əsas verir.

Xalqın problemlərini işıqlandırmağa çalışan və bu sıradan yeganə obyektiv (digərlərinə nisbətdə) proqram olan “İç xəbər” və günün kriminal xronikasından sonra efirə çıxan yeni verlişlərinin adı — Dəyərlərdir. Proqram qərəzsiz və vicdanlı bir kanal üçün nə qədər banal olsada bütünlüklə “şadlıq evləri” və “quş qonduların” reklamına həsr olunur. Başa düşürəm, pul lazımdı, buda reklamın bir növüdür. Amma verlişi heç olmaya səviyyəli şəkildə hazırlamaq olardı.

ANS

Aparıcı xanım da verlişin formatına heç uyğun gəlmir — nə xarici görünüşü, nədə aparıcılıq qabiliyyəti. Şadlıq evlərini əsən səslə elə-bil hansısa robot təsvir edib tərifləyir. Bəzən də elə gəlir ki, xanım qız verliş aparmağa yox, “moda” göstərməyə çıxıb.

Bu günlərdə lap az qala ölmüşəm gülməkdən… Tural şadlıq evinin reklamı gedirdi. Sonda xanım qız belə deyir “Hələ bizim veb saytımızda var! 3 dablyu, nöqtə turalrestorankafe nöqtə kom!” =)) Belə alınır — www.turalrestorankafe.com. Əhsən. Deyirəm Azərbaycanın tanınmış domen alverçisi Rəşad Əliyev nə əcəb bu domeni göz altı etməyib?

Nəsə. “Qərəzsiz” axır vaxtlar nəsə yaman axsayır. Allah özü axrını xeyir eləsin.

Mövzuya dair forumda müzakirələr ↓
ANS-in dəyərsiz «Dəyərlər»-i. Resenziya

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom