Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Bloq. Azərbaycan İnterneti. Evakuatorlar.

Bloq. Bloqda dəyişikliklər etdim, amma bu keçid dövrü üçün edilən dəyişikliklərdir. Tezliklə bloqun final dəyişikliyinə başlayacam. Amma işlər həddən artıq çoxdur. Maşallah olsun. Gecə saat 3-4-də yatıb, saat 9-da durmaq məcburiyyətindəyəm. Ona görə son vaxtlar çox yorğunam. Bloqda da yazılara ara vermişəm.

Bloqda hər gün yeni yazı görməyə alışan dostlar isə gündə zəng edib nə baş verdiyini öyrənirlər. Deyirəm yaxşı ki, bu İnternet var, yoxsa dost-tanışlar bizdən necə xəbər tutardılar?! 😆 Ümumiyyətlə, İnternetin insanların (içi mən olmaqla) həyatının ayrılmaz hissəsinə çevrilməsi danılmaz faktdır. Bir gün İnternetsiz qalanda, eləbil həyatımda boşluq əmələ gəlir. İnternetoqolik olub getmişik. Bu yaxşıdı, ya yox, zaman göstərəcək, amma hələlik  bütün olaylara rəğmən işlərimizlə məşğuluq.

Digər məsələ ki, Azərbaycan İnternetində önəmli bir şey baş vermir. Hər kəs biri-birindən oğurlayır, hər kəs biri-birini təkrarlamağa çalışır. İdeyalar tükənib. Kimisi dizaynda outlet fikirləşir, kimi növbəti kafe-restoran “Lounge” açır, kimisi isə bloqunun adını dəyişib edir — Hər şeydən birazca… Sonuncu iradın şahidi təsadüfən oldum — Google-da bir.az-a dair axtarış vermişdim, görəm digər bloqların yarıdan çoxu olub “hər şeydən biraz”. Pay atonan. Ay səni, ay bizim millət, sən nə olarmışsan. o:

Dünən maşınımı evakuator aparmışdı. Açığı gəlib maşını yerində görmədikdə, evakuatorların aparması versiyalardan biri idi. Axı onları məlum hadisədən sonra şəhərdə görmək mümkün deyildi. Nəsə. Maşını axtarmağa, yolda duran şahidlərdən soruşmağa başladım. Nəticəsiz. Xoşbəxtlikdən yaxında bir YPX təmsilçisini gördüm, yaxınlaşdım. “Xoş” xəbəri mənə çatdırdı — rəsmi “oğrular” yenidən aktivləşiblər. Nə qədər gülünc olsa da, amma bu aktivləşmə şəhərin əsasən yol hərəkətinin qismət intensiv olan yerlərində müşahidə olunur. Amma mərkəzdə, hərəkətin intensiv və tıxaclı olan hissəsində millət maşını 3-cü sırada belə saxlayır, gözün üstə qaşın var deyən yoxdur. Azərbaycan paradokslar ölkəsidir. Bu da növbəti paradoks.

Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Niyə böyük İnternet layihələrimiz yoxdur?!

Bu günlərdə “Sosial Şəbəkə” filminə baxdım. Film Facebook şəbəkəsinin yaradıcısı Mark Zuckerberg-in həyatından (yarı düz, yarı gerçək), onun uğura doğru necə addımlamasından bəhs edir. Film özü-özlüyündə xoşuma gəldi, amma məni daha çox düşündürən başqa məsələ oldu — axı niyə bizdə böyük İnternet layihələrin buraxılması mümkünsüzdir?!

Əslində mən problemləri ötən yazılarımın birində sadalamışdım, amma bu film yaralarımızı təzələdi.

1. Fikrimcə, təhsil — böyük uğurların təməli, başlanğıcıdır. Filmə baxdıqda tələbələrin necə gözəl bir mühitdə oxuyub yaratdıqlarının şahidi olursan. Adam lap qibtə edir. Hər kəs nəsə bir layihə həyata keçirib, əməliylə öndə olmaq istəyir. Gözəl işgüzar mühit var. Rəqabət hökm sürür. İndi gəlin bizim reallıqlara nəzər yetirək — çürümüş təhsil sistemi. Rüşvətxor müəllimlərimizin sayəsində Universitetlərdə artıq oxuyan uşaqlar da oxumamağa məcbur edilir. Bizdə hər şeyi nəsə reallaşdırmaq deyil, papa uşaqlarının pulu həll edir. “Bilikli” müəllimlərin bilikləri isə 70-ci illərin səviyyəsindən artıq deyil. Bizim Universitetlərdə əməllə deyil, əmiylə seçilirlər. Hərf fərqi çox olmasa da, nəticəsi göz qabağındadır.

2. İnternet layihələrə investroların böyük maliyə yatırımları — bizdə isə İnternet layihəyə on mindən artıq pul qoymaq səfehlik sayılır, İnternet layihələr uşaq oynundan başqa bir şey hesab edilmir. Məsələn, Mark Azərbaycanda yaşasaydı, onun 18 minlik layihəsi istifadəçi sayı yüz mini keçdikdən sonra puç olardı. Niyə? Çünki istifadəçi sayı artıqda, saytın xərcləri də artır. Azərbaycanda isə İnternet layihələrə yatırımlar maksimum reklam bannerləri vasitəsilə edilir, belə olan halda da gərək Facebook Day.AZ-ın əvvəlki görkəmindən də (reklamla dolu olduğu vaxtlar) betər bir vəziyyətdə olaydı — daha çox banner asmağa məcbur idi, amma bu da xərclərin heç 10% demək deyil.

3. Faktiki olaraq 2004-ci ildən fəaliyyətə başlayan Facebook, yalnız 2009-cu ilin son aylarında gəlir gətirməyə başlayıb. Deməli 5 il bu layihə ziyana işləyib, amma böyük investorların milyonlarla sərmayələri sayəsində ayaq üstə qalıb. Mark 18 min ABŞ dollarını layihəyə yatırım edərkən, artıq bilirdi ki, onun layihəsinə yiyə çıxan olacaq və milyonlarla yatırımlar edəcək.

Bu sərmayələr bir növ sabun köpüyünə bənzəyir. Layihələrin birjaya çıxışını təmin etmək üçün dəyərlərini 100-1000 dəfə şişirdirlər, şişirdirlər və şişirdirlər… Ümumiyyətlə bütün Amerika iqtisadiyyatı bu prinsiplə qurulub — orada demək olar ki, istənilən layihəni beləcə şişirdib, məhşurlaşdırırlar. Bəs bizdə birja deyilən şey var? =) Var, amma neftdən başqa çətin orada bir şey satıla.

4. Əgər kimsə hesab edirsə, Mark bu imperiyanı tək başına yaradıb, yanılır. Görünmür, amma layihənin populyarlaşmasında dövlətin də böyük rolu var. Facebook faktiki ABŞ administrasiyasının maraqlarına xidmət edən bir layihədir. Artıq xüsusi orqanlar əziyyət çəkib insanların dosyelərini axtarmır, indi insanların özü hər şeyi Facebook-da yerləşdirir, şəkilləri, dostları, fikirləri ilə bölüşürlər (məsələn, terroristlər növbəti terrorları haqda və s.) və bütün bunlar 100% izlənilir. Rus demişkən, bolee togo Facebook-da profilin ləvğ edilməsi mümkün deyil — siz sadəcə hesabınızı deaktiv edə bilərsiniz, poza bilmərsiniz. Bu da Facebook-un istifadəçi bazasının digər məqsədlərlə istifadə olunduğuna daha bir sübutdur. Bura üstə gəl ölkənin birinci şəxsləri səviyyəsində saytın təbliği — alınır uğurlu və dövlət strategiyasına xidmət edən layihə.

Deməli İnternet layihələr üçün digər stimul verici faktor — dövlətin özəl şirkətlər vasitəsilə müxtəlif “ümüd verici” layihələrə pul yatırımları etməsidir. Bizdə bildiyim qədər bir Yumru layihəsinə sərmayə yatırılıb, o da (layihə) ki, axıda fake çıxdı.

Gördüyümüz kimi nə qədər ki, Universitetlərdə sağlam mühit yaradılmayacaq, nə qədər ki, böyük şirkətlərimiz İnternet layihələrə sərmayə qoymağa can atmayacaqlar, nə qədər ki, iqtisadiyyatımız neft və kənd təsərrüfatı, yeyinti məhsullarından ibarət olacaq, o qədər də biz böyük layihələr görməyəcik. Yəni heç vaxt. Təki yanılım.

Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternet məkanı (Anti-inkişaf faktorları) →

Faşizm. Facebook. Hava. Zirəddin. İşıq

Faşizmə qalib gələn ölkənin baş meydanı — Kremlin önündə faşistlər toplaşıb nasist “çesti” verirlər, amma buna Rusiya hakim qüvvələri göz yumur. Bu canlarını faşizmə qarşı şəhid etmiş bütün qəhramanlar üçün təhqirdir!

Faşizm. Zaman göstərir ki, ümumiyyətlə bu terminin altında gizlənən ideologiyanı qınayanlar, bir müddət sonra elə özləri bu ideologiyanın daşıyıcıları olurlar. Götürək İsraili. Faşizmdən ən çox ziyan çəkən xalqı təmsil edən bir ölkə indi özü dünyanın nömrə bir faşist ölkəsidir — xüsusi anklavlar yaradır, bütöv bir ərazini mühasirədə saxlayır (Qəzza zolağı), vətəndaşları cuhud və qoylara (gəlmələr, yəni 2-ci dərəcəli insanlar) bölür və s…

Digər faşist ölkə bədnam qonşularımızdır. “Məzlum” ermənilər də guya türk “faşizmindən” əziyyət çəkdiklərini dayanmadan dünyaya car çəkirlər, amma tarix boyu özləri özgəsinin ərazilərinə göz qoyub, soyqırımlar törədiblər. Ən son olaylar — 20-ci əsr boyu onların hoqqaları və son Qarabağ müharibəsində hansı vəhşilikləri sınaqdan keçirdiklərini xatırlamaq kifayət edər.

İndi bu xəstəliyə onsuz da şovinistliyi ilə ad çıxaran Rusiya düçar olub. Faşistlər ağına-qarasına (qafqazlı, asiyalı, qara dərili onlar üçün fərq etməz) baxmayaraq hər kəsi atırlar ayaqlarının altına. Rəsmlər rəqəmləri gizlətsələr də, son sutka ərzində təkcə Moskva ərazisində milli zəmində yaranan münaqişələr zamanı 18 (!) nəfər bıçaqlanıb. Dəhşətli rəqəmdir. Bunların əskəriyyəti qırğız, çeçen, inquş, dağıstanlı, ermənidir. Amma aralarında yenə bir azərbaycanlı var. Belə görünür ki, bu olaylar Rusiyanın baş bilənləri tərəfindən idarə olunur. Çox mürəkkəb bir oyun gedir. Axırı Rusiyanın dağılması, vətəndaş müharibəsi ilə nəticələnsə, sevinərik. 😉

Sevinərik. Müxalifət Facebook adı çəkiləndə çox sevinir. Sosial şəbəkələr populyarlaşandan müxalifət virtual aləmə yaman girişib. Çoxdandır sözlərini kütləyə çatdırmağa səviyyəli bir tribunaları yox idi, nəhayət virtual da olsa, Facebook-u tapdılar. İndi sosial şəbəkələrdə iştirak edib, iqtidar yönlü olmaq dəbdə deyil, həmən insanı qınayarlar. Hər kəs olub “inqilab” ruhlu. Maraqlısı da odur ki, bu qınağı ağlı kəsən də edir, hadisələrdən bixəbər də. Əsil kütlə təfəkkürü. Bu radikal sosial kütləni idarə edənlər nə gözlərimizi mazol edən dəyişməz partiya liderləridir, nə də ki, onların funksionerləri. Kütlənin idarəsiylə bu saat bir neçə özlərini müstəqil adlandıran gənc məşğuldur. Məhz onların qərarları ilə kütləvi etiraz aksiyaları (məsələn son aksiyaları — avatar dəyişmə) keçirilir. Gülməli bir tendensiya — onlar (idarə edənlər) hakimiyyətə qarşı bir şüar yazdısa, kütlənin təmsilçiləri mütləq ona öz rəyini bildirməlidir, özü də iqtidarın ünvanına kəskin şəkildə fikrini bildirməklə. Hələ kimsə rəyinə bir iki təşəkkür də atsa, onda olur lap “fısqırığ” — bundan yoxdur. =) Bir sözlə, indi hər kəs Facebook vasitəsilə “samovırajatsa” etmək, seçilmək istəyir.

Əslində, bunu yazmaqda məqsədim başqadı. Şəxsən mən azad fikirin tərəfdarıyam, hər kəsin öz fikrini bildirməyə haqqı var, bunu bizə Konstitusiyamız verir, amma şəxsiyyəti təhqirlə dolu yazılar heç bir halda yox verilməzdir, bu demokratiya deyil, bu özbaşınalıqdır. Təhqir — demokratiya deyil. Demokratiya — özbaşınalıq deyil.

Bir də ki, Azərbaycan reallığı onu göstərir ki, Facebook siyasi abu-havanı dəyişə biləcək gücə malik deyil. Düzünü zaman göstərəcək. Hava demişkən, deyəsən “dünya şöhrətli” ekstrasensimizin proqnozları puç oldu. Deyilənə görə Zirəddin müsahibələrin birində bu ilki qışın çox sərt keçəcəyini demişdi. Hətta insanların donmasına dair də proqnozları yer alırdı. Deyir sən saydığını say, fələk gedib kalkulyator gətirməyə… Ay Zirəddin sənin işin gücün yoxdur?! İndi qış üzünə həsrətik…

Həsrətik. Yasamal camaatı da bu gün işıq üzünə həsrət qalıb. Analoqu olmayan Bakıelektrikşəbəkə qışın heç iyi gəlməmiş enerjini fasilələrlə verməyə başlayıb. :hm:

Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

BakuTel 2010. İlk təəsuratlar

Bu gün növbəti BakuTel sərgisinin təntənəli açılışı oldu. Düzdür açılış gecikmə ilə oldu, amma möhtəşəm Baku Expo Center-də (Sərgi mərkəzi) vaxt keçirmək özü böyük zövq verir. Bir sevindirici halı da qeyd edim — bu il şirkətlər sərgiyə kifayət qədər ciddi hazırlıq görmüşdülər.

İlk olaraq yaxınlaşdığımız stenddə Sinam şirktətinin təqdim etdyi interaktiv xəritənin nümayişi gedirdi. Xəritə Google Maps-ın Azərbaycan ərzisi üçün lokalizasiyasını xatırladır, amma xarici görünüşcə (dizayn) Google məhsulundan geri qalır. Xüsusi planşet vasitəsilə idarə olunan bu xəritə əslində istifadəçi üçün gözəl imkanlar açır — istənilən küçəni, obyekti və s. həmən tapmaq olur, hətta binaların nömrəsini belə göstərir. Özü də bu imkan Azərbaycanın istənilən bölgəsini (!) əhatə edir. İstənilən. Təqdimat edən bəyə sual verdim — istənilən? Təkrar etdi ki, bəs hə, istənilən. Mən də eləmə tənbəllik, dedim — İmişlinin filan küçəsini mənə göstərin, zəhmət olmasa. Təqdimatçı bəy hay əlləşdi, hay vuruşdu, bir şey tapa bilmədi. =)

Şəkillərə böyük həcmdə baxmaq üçün mousla üstünə tıklayın.

Keçid aldıq digər stendlərə. Növbəti qurbanımız Caspian Navtel şirkəti idi. GPS xidmətlərini təqdim edirlər. Xoşuma gəldi. Yaxın bir qardaşı gördüm (Azercell-də bir yerdə çalışmışıq), məsləhət almaq istədim. Deyirəm — a qardaş səncə bu GPS aparatları almağa dəyər? Mən rayonlara səfərlərə çıxanda Google Maps-dan istifadə edirəm, bu nə ilə fərqlənir. Deyir, Google Maps bunun yanında heç nədir, bunlar daha mürəkkəb xüsusiyyətlərə, funksiyalara malik bir xəritədir və sair, və daha nələr. Sonra da məlum oldu ki, qardaşın özü Navtel-də işləyir. Haha. 😆



Yolumuzu davam edirik. Digər GPS təqdim edən şirkət Google Maps + Google Latitude funksiyalarını pulla “sırımaq” istəyir. Yenə davam edirik.  Bakcell. Nar Mobile. Azerfon. Heç bir yenilik görmədim, amma Bakcellin stendi maraqlı idi. Yolumuza davam. Azercell. Sərginin ən gözəl stendi Azərbaycanın ən böyük mobil operatoruna məxsusdur. Zövqlü tərtibat, əsl səviyyə. Azercell 4G texnologiyasını, mobil GPS xidmətini və digər yeni xidmətləri aktiv anons edirdi. Azeronline stendinə yaxınlaşırıq. Hərçənd bu stendin yaradılmasında bizim studiyanın böyük əməyi var. Gözəl alınıb Maşallah.

Yolumuza davam edirik. Windows 7 stendi. İlk olaraq maraqlıdır, amma yeni bir şey yoxdur. Windows-du da. 😀 Yaxınlaşırıq Çinin texnologiya nəhəngi Huawei-in stendinə. Çinli biri gülümsəyərək bizi qarşılayır. Telefonlar təqdim edirlər. Çox sərfəli qiymətə. QWERTY klaviaturalı, Android 2.1 platformalı mobil telefon cəmi 96 dollar (76 (!) manat). Özü də touch screenli və gözəl görünüşlü. Almaq istədim, deyir satılmır, biz bura distrubutor axtarışı üçün gəlmişik. :hm:  Bu sözü deyəndən sonra, məyus olub telefonda bir baq tapdım — Blackberry stilində olan joystick normal işləmir. Əsl çin malı.

Hələlik bu qədər. Gündəlik yazılarımı izləyin, davamı olacaq. 😉

Mövzuya dair forumda müzakirələr ↓
BakuTel 2010

Azərbaycan İnternetində nələr baş verir (№4)

Artıq növbəti bir ay da ötdü. Milli saytlarımızda olan dəyişikliklər barəsində yazmaq vaxtıdır, amma bu ay yeniliklər sarıdan çox zəif oldu. Səbəbini bilmirəm. Yəqin yenə də günahkar seçkilərdir — bu ay demək olar ki, bütün proqressiv gənclik Müntəzirin İTV-dən rip etdiyi deputatlığa namizədlərin traqikomik çıxışlarına baxmaqla məşğul idi.

Bəlkə ona görə də, ayın ən populyar saytları bloqlar oldu. İndi bloq yazıb, bloqer olmaq çox dəbdədir. Elə ona görə də bu dəfəki yazımı da bloqlara həsr edəcəm. Öncə qeyd etdiyim Müntəzirin bloqu haqda ötən yazılarımda fikirlərimi bildirmişəm. Amma son vaxtlar onun bloqunda nisbi sakitlikdir. Yəqin Həbib seçki sonrası yuxuya gedib.

Bu günlərdə maraqlı bir bloqa rast gəlmişəm — babayevz.com. Rüfət adlı bir gəncin bloqudur. Müəllif rus dilində yazır. Kifayət qədər aktual mövzulara toxunur. Savadlıdır. Amma bir qüsurunu qeyd etmək istəyirəm — fikirlərini söyüşlə ifadə edir. Niyəsini bilmirəm, amma yazı tərzini rusiyanın məhşur bloqer və dizayneri Artemiy Lebedevə oxşadıram.

Artıq bir aya yaxındır ki, daha bir maraqlı bloqu izləyirəm — parketinq.com. Aktiv gənclərimizdən olan İlqar Mirzənin şəxsi-tənqidi bloqudur. Aktual mövzulara toxunur, marketinq, dizayn prizmasından onları xırdalayır. Açığı İlqarın marketinq nəzəriyəsinə bu səviyyədə bələd olmasını bilmirdim (mən onu domen alverçisi Rəşad Əliyevin dostu və proqramçı kimi tanıyırdım). Bloqun çatışmamazlıqlarından — İlqarın tükənməyən və axır vaxtlar xroniki xəstəliyə çevrilən mobil operatorların “vıveskalarına” xüsusi məhəbbətini qeyd etmək istəyirəm. Hə, bir də ki, əsas çatışmamazlığı bloqun ayda cəmi bir dəfə yenilənməsidir.

Digər maraqlı bloq weboxu.com ünvanında yerləşir. Bu sadəcə bloq yox, bloq dərgisidir. Yəni istənilən şəxs bloqda iştirak edib, öz xəbərini yerləşdirə bilər. Bu tip bloqlardan rus dilində fəaliyyət göstərən qwe.az dərgisini də qeyd edə bilərəm. Weboxu-da yalnız texnikaya və texnologiyaya aid yazılar yer alır. Dərginin ən böyük çatışmamazlığı — Azərbaycan İnternetinə aid olan xəbərlərdən administrasiyanın yalnız öz “kruqlarına” yaxın olan layihələri işıqlandırmasıdır.

Daha bir bloq, Fox.AZ forumunun keçmiş fəalı, daha sonra Dalğa təşkilatının keçmiş sədri olmuş və hal-hazırda Türkiyədə yaşayan “radikal” müxalifətçi Vəfa Cəfərovanın bloqudur. Tanıdığımız mülayim xasiyyətli Vəfanı artıq tanımaq olmur — o öz “radikallığında” İsa bəyi də, Əli bəyi də çoxdan geridə qoyub. Nəsə, əgər könlünüz ekstrim-radikallığa meyl etsə Vəfa xanımın bloqu sizləri gözləyir. Bloqun əsas çatışmamazlığı — qeyd etdiyim kimi, ifrat radikallıq və təhqirlərə yol verilməsidir.

Qütbün digər tərəfini Rauf Ray adlı gənc “İrəli”-çi təmsil edir. Bloqunun əsas çatışmamazlığı — başqadan ayağa copy-paste-lərin olmasıdır.

Və sonda… Fikrimcə ən yaxşı bloq — forumdur. Məhz forum vasitəsiylə insanlar fikirləri ilə daha sərbəst şəkildə bölüşür, yeni dostlar qazanır. Odur ki, hər birinizi bizim foruma dəvət edirəm — forum.fox.az.

Google Latitude. Testin nəticələri

Vaxtı uzatmayıb, testin nəticələrini elə indi açıqlayacam. Əvvəlcə ondan başlayaq ki, Google Latitude ümumiyyətlə nədir?! Google Latitude Google Maps proqramının köməkçi interaktiv xidmətidir və məhz onun köməkliyi ilə digər şəxslər Google Maps istifadəçisinin harada olub-olmadığını kompüter vasitəsilə canlı müşahidə edə bilər.

Bu əsasən sənaye sektorunda daha çox faydalı ola bilər — tapşırığa göndərdiyiniz adamların harada olduğunu canlı görmək üçün. Məsələn, “daş kərxanaları”, beton-qarışdıran maşınların sahiblərini özləri şəhərdə kompüter qarşısında əyləşib, hansı maşının karxanadan (rayondan) nə vaxt çıxdığını dəqiqliklə müşahidə edə bilərlər. Deyə bilərsiniz ki, bunun üçün GPS var… amma GPS pulludur, bu isə tam pulsuz xidmətdir və GPS-dən dəqiqliyinə görə heç də geri qalmır.

Mən testi keçirdiyim telefon Nar Mobile nömrəsi üzərindən işləyirdi. Nar Mobile şəbəkəsinin isə bəzi bölgələrdə açıq-aşkar qüsurlu işləməsi səbəbindən Google Maps bəzi hallarda demək olar ki, offline olurdu. Məsələn, Hacıqabul ərazisindən Sabirabadın mərkəzinədək şəbəkə yox idi. Bu lokal və müvəqqəti bir problem də olar bilər, çünki birinci testdə belə bir problem yaranmamışdı.

Keçək Latitude-un özünə. Şəhərdə (Bakıda) bütün detallar demək olar ki, dəqiqliklə çatdırılırsa da, bölgələrimizdə heç də bütün detallar nəzərə alınmayıb. Çox güman ki, bu da Google Maps-ın ölkəmizin ərazisini tam əhatə etməməsindən irəli gəlir. Bəzi kənd və qəsəbələr xəritədə ümumiyyətlə qeyd olunmayıb. Bundan əlavə, Latitude və Maps arasında gecikmələr mövcuddur. Bu əsasən bölgələrimizdə olduqda özünü göstərir. Məsələn, mən Sarısu gölünün ətrafında olduqda, Maps yerimi dəqiqliklə göstərirdi, amma Latitude hələ də rayon mərkəzində olduğum qənaətində idi. Bu həm Google Maps problemi, həm də Nar Mobile şəbəkəsinin qüsuru da ola bilər.

Nəticə — bu xidmətdən istifadə etməyə dəyər. İstər bölgələrimiz olsun, istərsə də uzaq ölkələr — öz yerdəyişmələriniz haqda yaxınlarına, dost tanışlarına, iş yoldaşlarına və rəhbərliyə operativ xəbər vermək üçün əla imkandır. Google-a bu pulsuz xidmətə görə adət etdiyimiz gurultulu alqışlar düşür.

Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi

Növbəti səfərim və yenə də Google Latitude

Google Maps möcüzəsi olan Google Latitude-u test etməkdə davam edirəm. Növbəti səfərimdə də Latitude-u sınaqdan keçirmək fikrim var. İnşallah bu dəfəki sınaqdan sonra Google Latitude barəsində fikirlərimlə bölüşəcəm.

Ölkə üzrə hərəkətimi canlı olaraq buradan izləyə bilərsiniz — www.bir.az/about

Allah bizi qorusun, İnşallah!

Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi

Macbook Air. Apple əfsanəsi yeniləndi!

Başımız deputatlığa namizədlərin traqikomik çıxışlarına o qədər qarışıb ki, texnoloji aləmin əfsanəsi — Macbook Air-in yenilənməsi xəbərini sükutla qarşıladıq. Rus demişkən — а зря.

Beləliklə, Apple bu günlərdə tam yenilənmiş Macbook Air-i təqdim etdi. Dünyanın ən nazik noutbuku kimi təqdim olunan Air-in eni cəmi 1,7 sm-dir! Yeni Air-lər 2 variantda buraxılacaq — 11.6 düymluq (ekran ölçüləri 1366х768 piksel) və 13.3 düym (1440х900 piksel). Hər iki modelin ekranı touch-pad (sensorlu) və multi-touch texnologiyasını dəstəkləyir. Hm… iPad üçün rəqib? Məncə, yox. Gözəlçələrin ən ağırı 1 kilo 300 qramdır.

Texniki göstəricilər — Core 2 Duo 1.86 GHz (13 düymluq modeldə 2.13 GHz), operativ yaddaş 2 (4 GB), NVIDIA GeForce 320M video-kartı. Modellərin Wi-fi, USB və hətta DisplayPort dəstəyi də var.

Əsas məsələ — qiymətidir. Amerikada 11 düymluq model 1299 USD (+128 GB flash yaddaş), 13 düymluq model isə 1599 USD (+256 GB flash yaddaş) dəyərində olacaq. Azərbaycanda isə Alma Store-un monopoliyasını və hal-hazırki modellərə olan qiymətləri nəzərə alsaq yeni Air Bakıda ən azı 2000-2500 manat civarında olacaq. Bu da dollarla eləyir 2400-3000 USD. Analoqu olmayan qiymətlərimiz hal-hazırki modellərdə də özünü göstərir. Belə ki, Alma Store mağazalarında köhnə model Macbook Air 2099 AZN-ə satılır. Əhsən.


Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Aran zonasına səfərim. Google Maps möcüzəsi

Bu gün İnşallah Aran zonasına səfərə çıxıram. Fürsətdən istifadə edərək Google Maps möcüzəsi olan yeni Latitude xidmətini testdən keçirmək fikrindəyəm. Deməli Google Latitude nədir?! Google Latitude vasitəsilə mənim ölkə üzrə bütün hərəkətimi canlı olaraq izləyə bilərsiniz.

Xidmətə dair fikirlərinizi bilmək maraqlı olardı.

Ölkə üzrə hərəkətimi canlı olaraq buradan izləyə bilərsiniz — www.bir.az/about

Allah bizi qorusun, İnşallah!

Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi

Corel Draw. Day.az. 1news.az. Fikirlərim

Fikirlərim bu arada yaman qatışıqdı. Qatışıq olsada hər biri ilə bir-bir Sizləri tanış edəcəm. Qabaqlar heç vecimə olmasada, amma son vaxtlar ölkəmizdəki çoxsaylı poliqrafiya şirkətlərinin “biz Adobe Illustrator-la işləmirik” ifadəsi məni yaman qıcıqlandırır.

Özüdə kimlər… Azərbaycanın deyərdim ən böyük poliqrafiya və çap şirkətləri… hansı ki, özlərini professional yox e, bəşəriyyətin ən son texnoloji yeniliklərini cəmləşdirən bir mərkəzi sayırlar. Sualıma, bəs a bala onda day bu nə professionallıq oldu, əgər Adobe-la işləmirsiz?! Deyirlər — bilirsiz biz bütün işləri Corel Draw-da qəbul edirik, Illustratorda işləyənimiz yoxdu.

Corel Draw. Azərbaycan dizaynerlərinin Corel sevgisi haqqında bəlkədə dastanlar yazmaq olar. İnkar etmək olmaz — Corel gözəl proqramdı, yeni öyrənənlər üçün tapıntıdı, amma professional deyil. Ümumiyyətlə Adobe Illustrator ilə Corel Draw-ı müqayisə etmək düzgün deyil. Bu kiçik bir göllə böyük bir okeanın müqayisəsinə bənzəyir. Corel Draw-da gözəl bir şey yaratmaq olar, amma müəyyən çərçivədə. Illustratorda isə bu maneələr, çərçivələr yoxdur, imkanlar hədsizdir. Illustratorun Corel qarşısında yeganə mənfi cəhəti onun kifayət qədər qəliz olmasıdır… Amma bu özünü “professional” adlandıran şirkətlər üçün heçdə keçilməz sədd olmalı deyil. Nəsə… indi biz məcburuq işləri Illustratorda yaradıb, sonra Corel Draw-a keçirək. Amma bütün dünya adətən bunun əksini edir. Deyirəm, Maşallah bizim ölkə hər cəhətdə “analoqu” olmayandı.

Day.AZ

Corel Draw qrafik paketi ümumiyyətlə 11-ci versiyasından sonra inkişafdan dayanıb. 11-dən başlayaraq onlar “tupo” Adobe-u klon etməyə çalışırlar. Amma necə deyərlər iş-işdən keçib, qatar da çoxdan gedib… İndi bizim də bir vaxtlar populyarlığından alışıb yanan Day.Az xəbər portalı bu qatarın dalınca nə qədər qaçsa xeyri yoxdu. Gül kimi xəbər portalını çevirib elədilər “popsovıy” mail.ru-nun klonu. Eləbildilər yerli odnoklassniki.ru olacaqlar, amma yanıldılar. Azərbaycan İnternet məkanının miqyası Rusiya ilə müqayisə edilən deyil. Nəticədə Day.AZ öz ciddiliyini, deyərdim xarizmasını itirdi, növbəti əyləncə portallarının birinə çevrildi. Gündəlik bu saytdan istifadə edən şəxslər isə həndəsi proqresiya ilə azaldı. Maraqlı bir fakt — Day.AZ popsalaşandan sonra ilk10.az kontur sisteminin göstəricilərinə görə digər informasiya saytları, əsasəndə musavat.comazadliq.info ən azı 2-3 dəfə istifadəçi sayını artırıblar. Belə görünür, Day.AZ-ı loyallaşdırmaq planı əks təsir verib, istifadəçilər tam fərqli mövqe tutublar.

1news.az isə Day.az-ın itirilmiş pozisiyasına göz tikib onu tutmaq istəsədə, fikrimcə xeyri yoxdu. Bu İnternet nəşr mənə Xalq Qəzetini xatırladır. Ümumilikdə yerli rus dilli İnternet nəşrlərdə son vaxtlar sabunu həddən çox edirlər, ifrata varırlar. Buda son nəticədə oxucunun itirilməsi deməkdir. Unutmaq lazım deyil ki, İnternetdən adətən cavan və proqressiv nəsil istifadə edir, İnternet TV deyil və o səbəbdən azcada olsa obyektivlik mütləqdir.

Bir tərəfdən onları qınamaq da olmur — bu tip nəşrlər adətən xarici ölkələr üçün (elə bədnam qonşularımız da bura aiddi) təbliğat rolunu oynayır, deməli kiçik şişirtmələri onlara bağışlamaq olar.

Nəsə. Düzələr İnşallah. Təki salamatçılıq olsun.

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom