Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Azərbaycan İnternetində nələr baş verir (№4)

Artıq növbəti bir ay da ötdü. Milli saytlarımızda olan dəyişikliklər barəsində yazmaq vaxtıdır, amma bu ay yeniliklər sarıdan çox zəif oldu. Səbəbini bilmirəm. Yəqin yenə də günahkar seçkilərdir — bu ay demək olar ki, bütün proqressiv gənclik Müntəzirin İTV-dən rip etdiyi deputatlığa namizədlərin traqikomik çıxışlarına baxmaqla məşğul idi.

Bəlkə ona görə də, ayın ən populyar saytları bloqlar oldu. İndi bloq yazıb, bloqer olmaq çox dəbdədir. Elə ona görə də bu dəfəki yazımı da bloqlara həsr edəcəm. Öncə qeyd etdiyim Müntəzirin bloqu haqda ötən yazılarımda fikirlərimi bildirmişəm. Amma son vaxtlar onun bloqunda nisbi sakitlikdir. Yəqin Həbib seçki sonrası yuxuya gedib.

Bu günlərdə maraqlı bir bloqa rast gəlmişəm — babayevz.com. Rüfət adlı bir gəncin bloqudur. Müəllif rus dilində yazır. Kifayət qədər aktual mövzulara toxunur. Savadlıdır. Amma bir qüsurunu qeyd etmək istəyirəm — fikirlərini söyüşlə ifadə edir. Niyəsini bilmirəm, amma yazı tərzini rusiyanın məhşur bloqer və dizayneri Artemiy Lebedevə oxşadıram.

Artıq bir aya yaxındır ki, daha bir maraqlı bloqu izləyirəm — parketinq.com. Aktiv gənclərimizdən olan İlqar Mirzənin şəxsi-tənqidi bloqudur. Aktual mövzulara toxunur, marketinq, dizayn prizmasından onları xırdalayır. Açığı İlqarın marketinq nəzəriyəsinə bu səviyyədə bələd olmasını bilmirdim (mən onu domen alverçisi Rəşad Əliyevin dostu və proqramçı kimi tanıyırdım). Bloqun çatışmamazlıqlarından — İlqarın tükənməyən və axır vaxtlar xroniki xəstəliyə çevrilən mobil operatorların “vıveskalarına” xüsusi məhəbbətini qeyd etmək istəyirəm. Hə, bir də ki, əsas çatışmamazlığı bloqun ayda cəmi bir dəfə yenilənməsidir.

Digər maraqlı bloq weboxu.com ünvanında yerləşir. Bu sadəcə bloq yox, bloq dərgisidir. Yəni istənilən şəxs bloqda iştirak edib, öz xəbərini yerləşdirə bilər. Bu tip bloqlardan rus dilində fəaliyyət göstərən qwe.az dərgisini də qeyd edə bilərəm. Weboxu-da yalnız texnikaya və texnologiyaya aid yazılar yer alır. Dərginin ən böyük çatışmamazlığı — Azərbaycan İnternetinə aid olan xəbərlərdən administrasiyanın yalnız öz “kruqlarına” yaxın olan layihələri işıqlandırmasıdır.

Daha bir bloq, Fox.AZ forumunun keçmiş fəalı, daha sonra Dalğa təşkilatının keçmiş sədri olmuş və hal-hazırda Türkiyədə yaşayan “radikal” müxalifətçi Vəfa Cəfərovanın bloqudur. Tanıdığımız mülayim xasiyyətli Vəfanı artıq tanımaq olmur — o öz “radikallığında” İsa bəyi də, Əli bəyi də çoxdan geridə qoyub. Nəsə, əgər könlünüz ekstrim-radikallığa meyl etsə Vəfa xanımın bloqu sizləri gözləyir. Bloqun əsas çatışmamazlığı — qeyd etdiyim kimi, ifrat radikallıq və təhqirlərə yol verilməsidir.

Qütbün digər tərəfini Rauf Ray adlı gənc “İrəli”-çi təmsil edir. Bloqunun əsas çatışmamazlığı — başqadan ayağa copy-paste-lərin olmasıdır.

Və sonda… Fikrimcə ən yaxşı bloq — forumdur. Məhz forum vasitəsiylə insanlar fikirləri ilə daha sərbəst şəkildə bölüşür, yeni dostlar qazanır. Odur ki, hər birinizi bizim foruma dəvət edirəm — forum.fox.az.

Azərbaycan İnternetində nələr baş verir (№2)

Azərbaycan İnternetində baş verən hadisələrə dair bölüşdüyüm fikirlərimlə bağlı yazımdan bir xeyli vaxt keçib. Amma aktivlik gözlədiyimiz Sentyabr ayının gəlişinə baxmayaraq, hələlik qeyri-adi bir yenilik müşahidə edilmir. Əksinə, deyərdim bəzi saytlar daha da passivləşib, paslanıblar.

Başlayaq Azərbaycanda İnternet qoşulmanın qiymətlərinin azalmasına dair vədlərdən. Deyəsən bu vəd də çoxsaylı vədlər kimi yalnız söz olaraq qalacaq. Bu “xoş xəbər”in verilməsindən ay yarım keçməsinə baxmayaraq qiymətlərdə hələlik heç bir dəyişiklik yoxdur.

Aznet

“Sosial Yeniliklər Düşərgəsi”ndən sonra Bloqosfer 2010 keçirilməsi barədə elan olundu. Aktiv gənclərin bu tip yığıncaqlar keçirməsi alqışa layiqdi. Dəstəkləyirəm. Yığıncağa (foruma) da kölgə salmaq fikrim yoxdur, lakin təşkilatçılar arasında məlum Soros fondunu, Amerikanın USAİD təşkilatını, Amerikanın ölkəmizdəki səfirliyinin adını görəndə… nəzərə alsaq ki, Sem dayı heç nəyi təmənnasız etmir, onda onun seçki öncəsi “stavkanı” aktiv gənclərə etdiyi məlum olur. Bir-iki layihəyə sərmayə buraxıb gəncliyi ələ almaq üçün bu tip yığıncaqlar ideal məkandı. Amma ümüd edək ki, bizim gənclik də bu kimi tələlərə düşən deyil — Sem dayını iqnora atıb, forumdan sırf özlərinin, Azərbaycan İnternetinin inkişafına dair nəticələr çıxararlar.

Keçən yazımda qeyd etdiyim kiçik amma faydalı proqram (vidjet) — Ramazan təqvimi — başladı şıltaqlığa. Proqramı yaradanlar sağolsunlar, böyük savab sahibi oldular. Amma Ramazan bitdi — proqram işləmədi. Daha doğrusu mənə belə bir təklif elədi — Kataloq.NET köməkçisinin yeni versiyasını yükləmək üçün SIXIN. Sıxdım. Brauzer səhv səhifəyə keçid etdiyimi göstərir. Deməli proqram artıq yararsızdır. Pozmaq istədim. Burada isə məni sürpriz gözləyirdi. Sən demə bu proqramı pozmaq mümkün deyil. Daha doğrusu öyrəşdiyimiz “UNINSTALL” faylı mövcud deyil. Yeganə çıxış yolu vidjeti AUTOSTART menudan pozmaqdır. Vəssalam. Bizdən yalnız növbəti Ramazanda proqramın daha mükəmməl versiyasın gözləmək qalır.

Odnoklassniki.ru-nun ölkəmizdə kifayyət qədər istifadəçisi olduğunu nəzərə alıb, onun Azərbaycan İnternetinə aidiyyatı danılmazdır. Sonunu hiss edən bu xidmət artıq qeydiyyatları pulsuz aparır. Amma nə faydası. Rəqiblərinin təklif etdiyi “flexible” sistemlərə öz hərəkətsizliyi ilə uduzan odnoklassniki.ru-nun süqutuna artıq heçnə mane olan deyil. Çünki buna bir neçə obyektiv səbəblər var:

  1. Artıq qeyd etdiyim kimi, digər sistemlərə “flexible” məsələsində uduzur, yeniliklər etməkdə gecikir və s.;
  2. Kənar saytlara inteqrasiyası məsələsi – 0. Məsələn, odnoklassniki.ru-dan fəqli olaraq hələ 2-3 il (nisbətən qəlizliyi və qloballığı səbəbindən) sabit yaşayacaq Facebook, öz sisteminin 3-cü saytlarla inteqrasiyanı mümkün (məsələn Like düyməsi və s.)  edir, yeni istifadəçilər toplayır;
  3. Saytın Mamba sistemli tanış saytlarının artıq alternativinə çevrilməsi + çoxsaylı “yanıq” istifadəçilərin oranı “qız, oğlan tutmaq” üçün istifadə etməsi — xidmətin bir başa deqradasiyasına yol açır.
  4. Həddən artıq acı-gözlük. Xidmətlərin total pullaşdırılması.

Nəsə, ruslara heç Allah köməkləri olsun deməyə dilim gəlmir. Qoy necə olacaqsa, elədə olsun. =)

Artıq ənənəyə çevrilmiş — Fox.AZ haqqında məlumatlarımla bölüşürəm. Qeyd etdiyim kimi, İnşallah tezliklə (2-3 ay ərzində) sayt (forumda artıq bu öz əksini tapıb) bütünlüklə rebrendiq, restylinq və digər “ağıllı” sözlərin real nəticəsinə məruz qalacaq. Sayt bütünlüklə öz ideologiyasını dəyişir, artıq ordan-burdan copy-paste edilmiş yazılar toplusu deyil, intellektual gənclər üçün informasiya-əyləncə tipli bir portal olacaq. Bunun üçün artıq saytın işçi potensialının gücləndirilməsinə başlanılıb. Sayt üçün materiallar hazırlayacaq təcrübəli jurnalistlər işə götürülür. Həmçinin saytın xarici görünüşündə də müvafiq dəyişikliklər ediləcək, bloq sistemdən imtina ediləcək. Hələlik isə portal üçün “satellite” mobil xidmətlərin yaradılması prosesi gedir. Bununla da, İnşallah Azərbaycan İnternetinin ən qocaman portallarından birinin yaxşı mənada böyüməsinin şahidi olacağıq.

Allah köməyimiz olsun!

Bu “Azərbaycan İnternetində nələr baş verir” silsiləsindən olan yazılarımın növbətisi idi. Yeni yazırlada görüşənədək! 😉

Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternetində nələr baş verir (№2)

Azərbaycan İnternetində nələr baş verir (№3)

Növbəti bir ayı da geridə qoyduq. Azərbaycan İnternetində nələr baş verdi? İnqilabi heç nə, həyat öz axarında davam edir. Gəlin bir bir bütün olayları təhlil edək.

Azərbaycan İnternetində yeni virtual mağaza işə başladı — shop.az. Dizayn biraz qarışıq olsa da, işə ciddi yanaşmaları xoşuma gəldi. Test üçün sifariş də verdik. Hər şey gözəl qurulub. Onlayn ödəmə sistemi də fəaliyyət göstərir — GoldenPay. Ölkədə ödəmə sistemlərinin yayımını nəzərə alsaq AzeriCard olsaydı, fikrimcə daha məqsədə uyğun olardı. Yeri gəlmişkən, bizim də onlayn super-market layihəmiz var — bazar.az, amma hələlik onu reallaşdırmağa vaxt çatdırmırıq. İnşallah tezliklə shop.az-a rəqib olarıq. =)

Keçmişin ən populyar saytlarını bir-bir yad edirdim. Növbə dostumuz Fəridin (el arasında Dups kimi tanınır) saytı olan və bir vaxt cavanların ən sevimli saytına gəlib çatdı — az-maz.com. Saytı açdıqda məni sürpriz gözləyirdi. Brauzer məni yönləndirdi tam başqa bir domenə — auto.az. Az-maz.com-un fəaliyyətinə çox güman ki, xitam verilib, amma əvəzində baxımlı bir avtomobil saytı tərtib edilib. Auto.az-da diqqətimi çəkən əsas məsələ — digər yerli (avtomobil profilli) saytlardan öz funksionallığı, yeni texnologiyalardan səliqəli istifadəsinə görə çox fərqlənməsidir. Xeyirli olsun.

Yeni bir bloqa rast gəldim — muntezir.net. Müəllif həddən artıq radikal (ради чего?!), kompromissiz yazılar yazsa da, özünə məxsus ironiya və yumora malikdir. Bu tip radikalizmi nəzərə alsaq, ehtimal etmək olar ki, qardaş çoxdan bu ölkədə yaşamır. =)

Növbəti MilliNet İnternet mükafatına start verildi. Bu mükafatın əsas fərqi — müsabiqədə Azərbaycan dilli saytlara üstünlük verilməsidir. Bunu yalnız alqışlamaq lazımdır. Amma mükafatın təşkilatçısı kimi Azərbaycan İnternet Forumunun çıxış etməsi…

Osman Gündüz. Milli İnternet Forumunun sədri. Onun media qarşısındakı mütəmadi olaraq çıxışlarını, Azərbaycan İnterneti ilə bağlı qayğısını (sözdə olsa belə) daima müşahidə edirik. Hiss olunur ki, insan başqalarından fərqli olaraq çalışır. Amma şəxsən mənim onun səmimiliyinə böyük şübhəm var. Niyə? Səbəbin açıqlayım. Netty-nin mükafatlandırma mərasimi idi. Şəxsi səhifələr nominasiyasında 2 qalib var idi. Biri müğənni Azərinin şəxsi saytı, biri isə ADR-in yaradıcısı böyük Məmmədəmin Rəsulzadəyə aid bir sayt. O zaman juri bilmirdi səsi kimə versin və məhz Osman Gündüzün sayəsi nəticəsində mükafat müğənninin saytına çatdı. Mükafatı qalibə təqdim edən Osman bəy hələ qeyd etməyi də unutmadı — “Müğənni Azərin Azərbaycan üçün çox böyük işlər görür və layiqli olaraq bu mükafatı qazandı”. Əhsən. Azərin Azərbaycan üçün böyük işlər görə bilər, amma məgər onun gördüyü Rəsulzadə və onun irsi ilə müqaisə ediləsidirmi?! Görünür hörmətli Osman müəllim hesab edir ki, bəli, mümkündür.

Netty-dən söz düşmüşkən. Osman bəyin Netty-nin təşkilat komitəsinin üzvü ola-ola yeni bir mükafatı təsis etməsi də mənə qaranlıq qaldı. Ümumiyyətlə, bu Azərbaycan mentalitetinə aid olan bir problemdir. Bir şey ətrafında birləşib, onu daha da təkmilləşdirmək əvəzinə, biz fərdiçiliyi daha üstün tuturuq. Ötən yazılarımda qeyd etdiyim kimi — birisi uğurlu nəsə açdısa, həmən onun kopiyalanmağı prosesinə start verilir. Bu real həyatda Opera Lounge misalında da, virtaulda uğurlu forumların, saytların, mükafatların kopiyalanmasında da belədir.

Ənənəmizə sadiq olub, bu dəfə də Fox.AZ mövzusuna toxunacam. Bir də görürsən kimsə ağzının suyunu tökə-tökə rəy yazır — “Fox.AZ 4 il bundan qabaq sayt idi, indi heç nədir” və sair, və ilaxır. Sair sözünün yerində adətən şəxsi qərəzliklə dolu yazılar olur, o da görünür saytdan hansısa səbəbdən qovulduğundan ürəyində kin qalıb və ya bəziləri kimi bozbaşizmin son həddindən əziyyət çəkərək onu ört-basdır etmək üçün saç uzadıb (guya bununla oldu müasir birisi), böyük-böyük danışıb özünü Azərbaycan İnternetinin tənqidçisi hesab edir.

Cavab verirəm. Kütləvi saytların fəaliyyət profilini elə kütlənin özü müəyyənləşdirir. Fox.AZ isə əyləncə tipli saytdır. Kütlə isə əyləncə dedikdə Röyanı, Rəqsanəni, nəbilim Üzeyiri (Hacıbəyovu yox ha) nəzərdə tutur.

2006-cı ildə digər layihələrə qoşulduğumdan Fox.AZ saytının bağlanmaq təhlükəsi yarandı. Amma son anda dost-qardaşlarla yekun qərarı verdik — saytı 2 nəzarət dairəsinə böldük — portalın bir hissəsi oldu DLE (Data Life Engine) əsaslı və kütləni maraqlandıran, onun istəyi ilə fəaliyyət göstərəcək bloq-xəbərlər (İsti-isti bölümü adı altında), digər hissəsi isə intellektual müzakirələr üçün forum.

Bloq-xəbərlər hissəsini (İsti-isti bölümü) tam olaraq cavan dost-qardaşlar öz nəzarətlərinə götürdülər. Yani o bölüm demək olar ki, məndən 4 ildir ki tam azad və müstəqildir. Forum hissəsi, birdə saytın ümumi dizaynı, proqram təminatına dəstək isə keçdi mənim kurasiyama.

Zaman göstərdi ki, əslində seçdiyimiz bu yol ən doğrusu idi. Çünki portalın bloq-xəbərlər hissəsini gün ərzində unikal İP-lərlə 4000-ə yaxın istifadəçi ziyarət edir, bu da öz növbəsində bizim mobil əsaslı xidmətlərimiz üçün potensial istifadəçi bazasıdır və həmçinin oradakı gənclərin foruma inteqrasiyasını asan edir, forumu yeni istifadəçilərlə təchiz edir.

Onu da qeyd edim ki, aşağı səviyyəli istifadəçilərin foruma keçidini sıfıra endirmək üçün forum və bloq-xəbərlər-də qeydiyyatlar ayrı-ayrılıqda aparılır. Hal-hazırda bloq-xəbərlər bölümündə qeydiyyat tam azaddır. İstənilən şəxs heç bir maneə və xüsusi aktivasiya gözləmədən qeydiyyatdan keçib portalın bloq-xəbərlər hissəsindən faydalana bilər. Amma forumda qeydiyyat həmən aktivasiya olunmur — bütün qeydiyyatlar yoxlandıqdan sonra qəbul edilir.

Müasir Fox.AZ — Bloq-xəbərlər vasitəsi ilə həm kütləni, həm də Forum vasitəsi ilə kifayət qədər intellektual insanları özündə birləşdirir. Portalın gələcək inkaşaf planları isə artıq məlumdur və bununla bağlı ötən yazılarımda bölüşmüşəm. Allah köməyimiz olsun!

Bu dəfə yazım biraz aqressiv oldu. İnciməyin dostlar. Yazılar sırf mənim subyektiv fikirlərim idi. 😉

Azərbaycan İnternetində nələr baş verir (№1)

İndən belə vaxtım olduqca Azərbaycan İnternetində baş verən hadisələri təhlil edib Sizlərlə bölüşməyə çalışacam.

Avqust ayının ən bəd xəbərlərindən Azərbaycan İnternet məkanının ilk Azərbaycan dilli forumlarından birinin bağlanması xəbəri oldu. Fikrini.de domeni altında fəaliyyət göstərən forum kifayət qədər Azərbaycan dilli intellektualları birləşdirirdi… Amma görünür özlərini çölə qoyanlar, səviyyəsizliyin son həddində oturub səviyyədən dəm vuranlar, ruhi xəstələr və anonim xoşnamuslar Fikrini.de forumununda sonuna çıxdılar. Yoxsa Administrator bu kimi təsirli yazı yazıb, forumu bağlamazdı:

fikrini.de

Yazını olduğu kimi təqdim edirəm (mənbə):

Salam, fikirşünaslar. Dünən həyatımın növbəti əsas qərarlarından birini verdim. Forum açılmayacaq! Elmar serverini bərpa etdikdən sonra bəlkə imkan oldu bütün yazıların arxiv kimi qalmasına, amma “fikrini.de” fəaliyyətini bir daha bərpa etməyəcək! Domeyn satılmır və heç kimə də kirayə verilmir, mənim şəxsi mülkiyyətim olaraq qalacaq.

Bəsdir daha onun-bunun nazını çəkdiyimiz, bəsdir daha boş yerə əsəblərimizi sərf etdiyimiz. Mənə deyən lazım idi ki, öz anasına, onun dilinə hörmət etməyən yoldan keçənlərə bu qədər zaman, əsəb, pul niyə sərf edirsən ki. Odur ki, bu fasilə-serverdəki problem, sən demə, xeyrə imiş. Həm də ötən həftə təsadüfən öyrəndim ki, daşım heç təsəvvür belə etmədiyim adamların da başına düşüb. Biri vaxtımı alır, digəri əsəblərimlə oynayır, başqa birisi pulumu götürüb aradan çıxır, digəri gəmidə oturub gəmiçi ilə dalaşmaqdan zövq alır və s. s. s. Bütün bu 5 illik fəaliyyəti boyu forumun mənə vurduğu maddi və mənəvi ziyan Vətən həsrəti ilə çırpındığım və divarlarına qısılaraq təsəlli tapdığım anlardan milyon dəfə çoxdur. Odur ki, əlvida, fikrini.de və fikrini deyənlər!
Forum ailə həyatımda narazılıq mənbəyi olan yeganə obyekt idi. Ailəm mənim üçün hamıdan və hər kəsdən üstündür. Foruma sərf etdiyim enerji və vaxtımı ailəmə, işimə həsr edəcəyəm. Ən əsası, artıq Bakı səfərlərimdə görüşmək məcburiyyətim olmayacaq heç kimlə. Bir neçə gün sonra burdan və eləcə də bütün messencerlərdən forum vasitəsi ilə tanıdığım və əlaqələrimin davam etməsini arzulamadığım bütün yoldaşları da siləcəyəm. Hamınıza uğurlar!

Göründüyü kimi insanı cana yığıblar. Ümumiyyətlə qonşu yazıda da qeyd etdiyim kimi Azərbaycan internetinin bəlası — başqasının uğurlarına kütləvi eqoizm, xainlik, imkan olsa birazda “samoreklama” və “mənəm-mənəmlik”dir. Bu yazını mən ümumiyyətlə Azərbaycan İnternetinin fəryadı adlandırardım.

Xoşnamusluqdan söz düşmüşkən, bu ay ana-bacılarını çölə qoyanlar indidə yerli sayt rəhbərlərini hədəfə alıblar. Müxtəlif tanışlıq saytlarında sayt rəhbərlərinin şəkillərini, telefon nömrələrini qoyub, onları təhqir edirlər… Aldığım məlumata görə xoşqeyrətlərin hərəkətlərindən artıq onlarla sayt rəhbərləri ziyan çəkib. Ziyan deyəndə — pərdə altında gizlənib, anonim olaraq onun bunun şəkilindən istifadə özü-özlüyündə acizlik və yazıqlıq əlamətidir. Belələrinə axı küçə söyüşündən başqa nə deyəsən?!… Heçnə… Odur ki, onların fəaliyyətini hüquq mühafizə orqanlarına tapşırıb, biz müşahidələrimizə davam edək.

Müşahidələrimi isə xüsusi olaraq Müqəddəs Ramazan ayı üçün hazırlanmış kiçik, amma faydalı bir proqramla davam edirəm. Kataloq.net saytın hazırladığı kiçik bu proqram (vidget) əslində böyük bir iş görür — namaz vaxtı göstərilir, özüdə müəyyən şəhərlər üzrə (əfsuslar olsun bütün rayonlar qeyd olunmayıb, yagin yeni versiyada buda həllini tapar). Mənim bu vidgetdə ən xoşuma gələn isə iftara nə qədər vaxtın qalmasını göstərməsidir. Bəyənilsin.
Vidgeti buradan yükləyə bilərsiniz.

Deyirlər “Sosial Yeniliklər Düşərgəsi” gəlir. Saytlarına daxil olub, bunun nə olduğu ilə maraqlandım. Amma bu sosial yeniliklərin nə olduğunu, mən bu işin içində olan adam anlamadım, təsəvvür edirəm sadə istifadəçilər nələr çəkir. =) Yagin “Barama” tipində bir şey olacaq, bu dəfə “İrəli”-dən. Hər halda yenilikdirsə, xeyirli olsun. Yeniliklər İnternet məkanımıza lazımdır.
Saytları bu ünvandadı, bəlkə Sizdə nəsə alındı. =)

Yeniliklər demişkən, bu gün mənə maraqlı bir link göndərdilər, elektron jurnaldı. İnternet istifadəçilərin maraqlandıran ən aktual suallar və onlara cavablar bu jurnalda təqdim olunur. Maraqlı başlanğıcdı. Xoşuma gəldi, əsasəndə “copyright” hissəsi — e-Hacı. Çox kreativ seçimdi. Elektron Hacılar erası başlayır, dəstəkləyirəm.
Jurnalı sizdə buradan yükləyə bilərsiniz.

Və sonda… vBulletin 4-ün bizə verdiyi əzablara baxmayaraq, Fox.AZ saytının forumuna tam yeni tərtibatda  start verdik. Xatırladım ki, Fox.AZ Forumu Azərbaycanda ilk ana dilində fəaliyyət göstərən forum olmaqda davam edir. Forumda bir çox məsələlərə dair müzakirələr aparılır… İndi qaldı Fox.AZ-ın ümumi səhifələrinə əl gəzdirmək. İrəli gedib onuda qeyd edim ki, Fox.AZ portalının yeni inkişaf strategiyasına əsasən tezliklə hal-hazırki və şəxsən mənimdə bəyənmədiyim bloq-versiyanın fəaliyyətinə xitam veriləcək, əvəzində isə tam yeniləmiş və gənclər üçün nəzərdə tutulan informasiya-əyləncə portalı fəaliyyətə başlayacaq. Artıq bu yönümdə işlərə başlanıb.
Forumda müzakirələrə qoşulmaq üçün bura tıklayın.

İstilərə və Avqust ayının passiv olmasına rəğmən, Azərbaycan İnternet məkanı üçün 3-4 gün ərzində kifayət qədər tutarlı xəbərlər var. Görək başımıza nə gəlir.
Allah köməyimiz olsun!

vBulletin4. Şah öldü.

İnternetdə yayılan forum sistemləri içərisində ən təhlükəsiz və stabili sayılan vBulletin4, illərlə qazanılan hörmət və etibarı bir anda darmadağın etdi.

vBulletin4 kimi çiy bir sistemin özüdə Gold (Release candidate yox, Beta yox, Alpha yox, məhz GOLD!) əlavəsi ilə satışa çıxarılması ən azından cinayətdir. Niyə? Niyələri gəlin sadalayaq:

  1. vBulletin4 tamamilə vBulletin3-dən struktur baxımından fərqlidir. Burada guya yeni texnologiyalar istifadə edilir, amma əslində bu IPB ilə döyüşdə uduzaraq tez-bazar yığılmış və baqlarla dolu bir skript yığımıdı.
  2. vBulletin3-ü vBulleten4-ə yeniləyəndə olmazın əzabın çəkməli olursan — 3-cü versiya üçün yazılmış bütün plaqinlər istifadəyə yararsızlaşır.
  3. vBulletin4-ün şablonları redaktə üçün demək olar ki, yararlı deyil. Çox mürəkkəb struktura malik olan standart şablonlarda nəsə anlamaq üçün, gərək ən azından vBulletin4-ün yaradılışında iştirakçı olasan + şablonlara dair heç bir informatisiya (help) verilmir. Gəl indi Zirəddinlik elə. =)
  4. Standart şablonda belə çoxsaylı çatışmamazlıqlar var və onların həll etmə yollarının demək olar ki yoxdur. Belə ki, hansısa bölümə cavabdeh olan şablonda redaktə edəndə, sistem bunu qəbul etmir, deyir siz sistemin bütövlüyünü korlayırsız. =)
  5. Lap bəxtin gətirdi, şablonda dəyişiklik etdin, amma girib foruma baxırsan ki, heç bir dəyişiklik edilməyib, hərçənd admin-paneldə bunun əksi göstərilir.
  6. Məlumat bazasına (Data Base) çox primitiv şəkildə mürəciətlər nəticəsində forumda 50-dən çox istifadəçi olduqda, baza tamamilə məhv olur.
  7. Bazanın Cron cədvəlində ümumi bazaya dair açıq aydın uyğunsuzluqlar mövcuddur.
  8. Bölümlərə cavabdeh cədvəllərin isə bir neçə yerə ayrılması nəticəsində, onları redaktə etməkdə super-əsəb tələb edir.
  9. Mən gözümə dəyən kiçik bagları saydım — 26-dan çox oldu. Adicə postlarda bəzi rəngləri tətbiq edəndə (hansıki icazə verilir) xüsusi kod çıxır. =)
  10. vBulletin4 üçün yazılmış plaqinlərin pozulmasından sonra sistemin fəaliyyətində problemlər yaranır. Bu yagin 3-cü tərəfin səhvidi.
  11. Və ən absurd bag — Google Analytics və Piwik statistika sistemlərinin vBulletin4 tərəfindən rədd edilməsi — nə qədər etdik ki, səhifələrə müvafiq xidmətlərin kodların əlavə edək, alınmadı. vBulletin görünür Google-a iqnor elan edib. =)

Hələ sadalanacaq çatışmamazlıqlar çoxdur, sadəcə yadımda qalanı yazdım.

vBulletin 4

Yazdıqlarımda hər biri real faktlara əsaslanır — düz 5 gündir ki, əziyyət çəkirik. Belə ki, Fox.AZ portalının forumun yenilədik 3.8 versiyadan 4.05 versiyaya. Elə problemlərdə bundan başladı. Birinci baza ümumiyyətlə köhnəni tanımadı, sonra proqramistlərimizin düzəlişlərindən sonra vBulletin4 sayta oturdu, amma… Amma yenidən Error… Bütün köhnə plaqinləri pozmalı olduq… Bala-bala dizayndan portalın yeni strategiyasına uyğun dəyişikliklər etməyə başlamışdıq ki, şablonlarla bağlı problem lap əsəbimizi məhv etdi. Hələ bu azmış kimi foruma eyni zamanda hər 50 müraciət edildikdə — baza darmadağın oldu. Bir sözlə 5 gün bizə bu sistem olmazın əzabın verdi…

Çiy məhsul üçün 6 ildir ki, abunə olub lisenziya almağımız (burdada soyğunçuluqla məşğuldular, məsələn, yeni vBulletin üçün mütamadi ödədiyimiz abunə haqqından başqa yeni ödəmə tələb edilir — 280 USD) üçün lap peşman oldum.
Heyf səndən ay vBulletin… Deyəsən bizdə keçəsi olacıq IPB-yə.

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom